Həyatımı yazan şairin qafiələrinə gülməyim gəlir hərdən.
Xətti də çox səliqəsiz, başa düşmək olmur heç nə.
Eyni anda iki həyatı yaşamaq da çox çətindi.
Bir tərəfin qolu qandallı əsir, ölümü görsə deyər xoş gəldin.
Bir tərəfin də mübarizədə, əlində qələm və qışqırır dəlixanaya xoş gəldin.
Sən danışanda hər şey şeir olur deyirlər.
Əslində mən yaşayanda şeir olur, bir də sən anlayanda.
Əksi sadəcə söz yığınıdı.
Bəlkə də sol əllə yazıram deyə belə ürəkdən alınır cümlələrim.
Qələmi hər dəfə ürəyə yaxın tuturam.
Bir də ki, bir qadın nə qədər uzağa gedə bilər ki, -Deyəndə,
Okeanın o tərəfini heç düşünməmişdim.
Gör özümdən nə qədər uzağam.
Amma yolları da qınaya bilməzsən ki.
Getmək istəyənə yol olur, qalmaq istəyənə ev.
Yollar daha yaxşı başa düşür insanı.
Bilirsən nə qədər şeir görüb səkiləri?
Bilirsən nə qədər kədər görüb?
Öz də sirri də hər kəsdən yaxşı qoruyur.
Yerin də qulağı var düzdü.Amma ağzı yoxdu ancaq susur.
Yağış sonrası yaranan gölməçələrdə kimsə öz əksini görür,
Kimsə də asvaltdakı əyrilikləri.
Məsələn elə bu şeir olmaq istəyib ola bilməyən yazı kimi.
Kimsə burda özünü görür, kimsə də alınmamış bir şeir...