Mən,sən və Tanrı.
Ayrı-ayrı məkanlardakı bir bütünlük.
Əgər Tanrının bir parçasıyıqsa gəl,şeirlərimi də götür,gəl,
Tanrıya bitişməliyik.
Mən burda rahatlıq tapa bilmirəm.
Xoşbəxtliyi görə bilmirəm,ola bilsin ki,çox balacadı.
Tanrıya bitişdir məni,onun gözlərindən baxmalıyam insanlığa.
Axı insanlıq hardadı?
Bəs xoşbəxtlik?
Bəlkə də fəzadakı boşluqda,hansısa bir küncə sıxışdırılıb.
Bəlkə də bitmək bilməyən müharibələrin qurbanı olan ac bir körpənin çörəyi gördüyü o ana qaçıb.
Xoşbəxtliyi görmək arzumdu uşaqlıqdan,amma sadəcə görmək istəyirəm.
Tanrıya göstər məni var olduğumu bilsin istəyirəm.
Ya da anam olsun bir gecə layla desin.
Xırda bir daş olsun ayağımı əzsin,amma bilsin ki,yaratdığı altı milyard oyuncaqdan biriyəm mən də.
Tanrıya bitişdir məni,ixtiyarım olsun mənim də.
Yer üzündən bütün yaxşıları silim ki,əziyyət çəkməsinlər pisliklərlə mübarizələrdə.Atalar müharibə dediyimiz ikili bir şahmat oyununda ölməsin.
Tanrıya bitişdir məni,dostum,bitişdir ki,dostunu,şüphələr içində ölməsin.
Söz verirəm mən də əvəzində mənə bir işıq göstər,deyə aglamayacam.
Məsələn,bir də ayrılıqdan yazmayacam.
Çünki,ən böyük ayrılığım idi məni Adəmin palçıq bədəninə üfürməsi.
Tanrıya bitişdir məni yalvarıram,aid olduğum yerə qayıdım,sualar içində ömür bitməsin.
Bir sevgilinin ovuclarında yuxuya dalmaq,bir dostla çiyin-çiyinə qocalmaq,şeirlərdən ,mahnılardan ibarət bir dünya qurmaq.
Misralarla ibadət edən bir insanam mən,şeirlərin tənginəfəsliyindədi xoşbəxtliyim.
O vergüllərin arasındadı tanrım,sevgim,cənnətim.
Tanrıya bitişdir məni,mən özümü onsuzluqda itirdim.
Hansısa bir payızda yarpaqlarını tökən bir ağac kimi,övladlarını müharibəyə qurban vermiş bir ana kimi,biləklərinə sevginin cızıqlarıını çəkmiş bir gənc kimi,damlalarını itirmiş bir bulud kimi.
Bax,bu qədərdi hüznüm,bax,bu qədərdi acım,ağrım.
Tanrıya bitişdir məni,şeirlərimə bitişdir məni.
Bir günəş ol,mənim üçün çıx hər səhər,mən dənizəm.
Bir kitab ol,mənim üçün yazıl,adı gizli sevgi olsun necə ki gizlədirəm.
Bir qələm ol,Tanrı yaz alnımı.
Tanrılar heç vaxt ölmür,mən ölümsüzəm.
Amma mənim də bir tanrım var, tanrıya bitişdir məni.
Mən onsuz bir heçəm.