Məni dərindən öyrən, dərimin rəngindən yox.
Dilimi öyrənmək çox tezdi hələ kədərimi öyrən,
Gör dizlərin dözə bilər?
Tapdanmamış bəyaz qarlar necə də tez əriyirdi axanda qan.
Kaş görəydin sülh üçün gəlirdi güya silah səsləri,
Güya ədalət gətirəcəkdilər
Elə hər şeyin sonunu o səslər gətirdi.
Bir də inancımız çıxdı sonumuza.
Biz ancaq inandıq, ancaq inandıq,
Heç nə etmədən, heç onlar da heç nə etmədi.
Ancaq inandıra bildi.
Heç o da heç nə etmədi,
Hal bu ki, görə bilirdi hər şeyi.
Dünyanın ən kədərli mahnısını bəstələyəndə ordular
Biz qulaqlarımızı tuturduq, bizə güllə səsi gəlirdi.
Əsgərlərə güllər atılanda, bizə güllə dəyirdi.
Gülüşümüzü belə unuduruq inan mənə.
Onlar səcdəyə gedəndə etdikləri duaların da xeyri olmur bizə.
Axı biz daha ürəkdən edirik dualarımızı,
Daha içdən hayqırırıq səmayə kəlmələri.
Hərdən heç bitiriə də bilmirik duaları.
Bir güllə səsi gəlir qulağımıza,
Soyuq bədənimizi isti güllə qızdırır,
Elə ordaca kəsirik səsimizi.
Hərdən dua etmək də keçmir içimizdən.
Bədənimiz qana boyananda
Günün doğuşuna da nifrət edirik,
Açıq səmanın ulduzuna da.
Burda gecələrin tanrısı olmur inan mənə.
Burda silahlar qalxıb müqəddəsliyə.
Gördün?
Ol dedin olmadı bu dünya. Bir də yoxla.