Növbəti bir şeirimə xoş gəlmisən,sevgilim.
Mən də elə indi qədəh qaldırırdım yoxluğunun sağlığına.
Bir az çox içmişəm bu gün.
Sətirlərim səliqəsizdi,amma sən onlara fikir vermə,mən onları elə ürəkdən yazıram ki,dünyanın ən dəli şairləri görsə mat qalar.
Amma sən şah qalarsan.
Elə bir üsyan qaldırdın ki qəlbimdə bütün hakimiyyəti aldın əlimdən və buna görə minnətdaram deyəcək yeganə hökümdaram mən.
Mən sənin əsirin,sənsə mənim əsərimsən.
Keçən ay səni gördüm mərkəzdə.
Yanımdan düz keçdin.
Mən də bir qəribə oldum niyəsə.
Deyəsən,salam vermək istəyirdim.
Çoxdandı gəlmirdin şeirlərimə,yaman narahat qalmışdım.
Amma sən heç nədən qorxma,hətta gözündən axan bir damla yaşa görə başsız qoyaram bütün atlıları bu şəhərdə.
Ürək döyüntülərim də səndən inciyib,çoxdandı onları dinləmirsən deyə.
Narahat olma mən sənin öldüyünü onlara başa salmağa çalışıram hər dəfə.
Amma başa düşmək istəmirlər.
Bu qədər şeirin baş qəhrəmanı ölə bilməz,deyirlər.
Mənsə başa salmağa çalışıram ki,mənimçün ölməklə getmək eyni şeydi.
Mənimçün söz verirəm,deyib sözündən dönməklə ölmək eyni şeydi.
Başa salıram ki,o mənim şeirlərimdəki qara saçlı qız deyildi.
O sən deyildin.
Sən o ola bilməzdin.